07.08.2023-cü il tarixində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının rəsmiləri ilə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri, xanım Guo Min arasında rəsmi görüş baş tutub. Görüşdə assosiasiyanın prezidenti Asif Sayadov və vitse-prezidentlər Azər Həsənsoy, Nurlan Aslanov və Ramin Əliyev iştirak ediblər. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində keçirilən rəsmi görüşdə öncə assosiasiyanın rəhbəri Asif Sayadov dəvətə görə səfirə təşəkkürünü bildirib. Daha sonra Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə yaradılan yeni Çin Döyüş Növləri Assosiasiyasının gələcəkdə həyata keçirəcəyi layihələr, seminarlar, proqramlar və tədbirlərdən söz açaraq, Çin səfirliyini birlikdə sıx əməkdaşlığa dəvət edib.
Asif Sayadov qeyd edib ki, Assosiasiyanın tərkibinə daxil olan Uşu, Kunq-Fu və Vinq Çun federasiyalarının ölkəmizdə 30 illik tarixi və inkişaf yolu mövcuddur. Bu illər ərzində hər bir federasiyanın çoxlu uğurları var və federasiayaların bir araya gəlməsi, Çin xalqının qədim döyüş mədəniyyətinin ölkəmizdə geniş təbliğinə və inkişafına böyük töhfələr verəcəkdir. Daha sonra görüşdə iştirak edən vitse prezidentlər Azər Həsənsoy və Nurlan Aslanov çıxış edərək, Çin döyüş növlərinin ölkəmizdə inkişaf tarixidən, bu illər ərzində bir sıra dünya yarışlarında qazanılan uğurlardan və digər məsələlərdən danışıblar.
Daha sonra çıxış edən Vinq Çun federasiyasının beynəlxalq əlaqələr üzrə vitse prezidenti Ramin Əliyev növbəti ilin əvvəllərində ölkəmizdə keçirilməsi nəzərdə tutulan Çin döyüş növləri üzrə beynəlxalq festivalın mahiyyətindən və festivalda iştirakı nəzərdə tutulan xarici ölkələrin komandalarından söz açıb. Ramin Əliyev bildirib ki, assosiasiyanın proqramlarından biridə Çin döyüş növləri üzrə böyük ustadları ölkəmizə dəvət etmək, müxtəlif məkanlarda onların seminarlarını və təlim məşqlərini təmin etməkdir.
Səfirliyin Assosiasiya ilə sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayan səfir – xanım Guo Min bildirib ki, bu əməkdaşlıq Çin və Azərbaycan dövlətləri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə vəsilə olacaqdır.
Səfir qeyd edib ki, Çin və Azərbaycan dövlətləri arasında getdikcə böyüyən dostluq münasibətlərinə görə hər iki ölkə başçılarına minnətdarıq. Assosiasiyanın yaradılması isə Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbovun uzaq görənliyinin bariz nümunəsidir. Çünki, bu günlərdə Çin və Azərbaycan dövlət başçılarının qarşılıqlı imzaladığı sənədlərdə iki dövlət arasında inkişaf proqramlarının hazırlanmasına start verilib. Bu proqramlar arasında iqtisadiyyat və həmçinin idman mədəniyyəti də yer alır.
Çin səfirliyi olaraq, bundan sonra Azərbaycan Çin döyüş növləri assosiasiyası ilə sıx əlaqələrin qurulmasına və inkişafına maksimum dəstək verəcəyini vurğulayan xanım səfir, həmçinin Çinin qədim döyüş mədəniyyətini ölkəmizdə təbliğ edən assosiasiyanın rəsmilərinə dərin minnətdarlığını bildirib. Ölkəmizdə sentyabr ayında “Çin günü” adı altında səfirliyin böyük tədbiri planlaşdırılıb. Həmin tədbirdə assosiasiyanın rəsmilərini qonaq kimi və həmçinin istedadlı idmançıların nümunəvi çıxılarını görməkdən məmnun olacağını dilə gətirib.
Həmçinin səfir, ölkəmizdəki Çin döyüş növləri ilə tanış olmaq üçün yaxın zamanda assosiasiyanın təlim məşq bazasına gələcəyini də bildirib.
Sonda səfir – xanım Guo Min, 14-18 avqust tarixində Honq Konqda Vinq Çun üzrə 11-ci dünya yarışında iştirak edəcək Azərbaycan Vinq Çun Federasiyasının 12 nəfərdən ibarət milli yığma komandasına uğurlar arzulayıb.