
Yarışların təntənəli açılış mərasimi 14 iyun 2026-cı il tarixində baş tutmuşdur. Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, federasiya rəsmiləri və bir sıra fəxri qonaqlar iştirak etmişlər.
Açılış mərasimində çıxış edən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov ölkəmizdə Çin döyüş növlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, Vinq Çun idman növünün gənclər arasında sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və mənəvi dəyərlərin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişdir.
Daha sonra Azərbaycan Vinq Çun Federasiyasının vitse-prezidenti Mahmud Mehtioğlu çıxış edərək yarışın əhəmiyyətindən, idmançıların hazırlıq səviyyəsindən və federasiyanın gələcək fəaliyyət istiqamətlərindən bəhs etmişdir. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndələri isə regionlarda idmanın inkişafı, gənclərin idmana cəlb olunması və bu kimi yarışların keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmışlar.
Yarışlar yeniyetmələr, gənclər və böyüklər arasında “Vinq Çun Kontakt” və “Vinq Çun Taolu” kateqoriyaları üzrə təşkil olunmuş, federasiyanın nəzdində fəaliyyət göstərən klubları təmsil edən 250-dən çox idmançı öz qüvvəsini sınamışdır.
Çempionatda Azərbaycan Vinq Çun Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ramin Əliyev, maliyyə direktoru Azır Mahalov və mətbuat katibi Babək Zeynalov da iştirak etmişlər.
Yarışların yüksək təşkilati səviyyədə keçirilməsi hakimlər kollegiyasının peşəkar fəaliyyəti ilə müşayiət olunmuşdur. Çempionat baş hakimlər Hakim Tağıyev və Arzuman Rəsulzadənin, baş katib Aydın Sayadlının, eləcə də baş məşqçi Elsevər Zülfiyevin rəhbərliyi və koordinasiyası ilə obyektiv, şəffaf və yüksək peşəkarlıq səviyyəsində idarə edilmişdir.
Yekun nəticələrə əsasən, qaliblər və mükafatçılar ARGİN tərəfindən medal və diplomlarla təltif olunmuşlar.
Leave A Comment