Çİ SAO – YAPIŞQAN ƏLLƏR

Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur.
Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.
Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu höküməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi.
Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu.

Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir?
Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur.
İlan, durnanın ətrafında ölümcül bir hücum edə bilmək ümidiylə dairəvi şəkildə dönərkən, durna dairənin ortasında qalıb daim ilana qarşı dönürdü. Durna, ilanın etdiyi hər bir hücumu qanadlarının biri ilə qarşılayarkən, eyni anda dimdiyi ilə ona hücum edirdi. Beləcə durna üzünü qanadları ilə qoruyub, dimdiyi ilə hücum edə bilirdi.

Ng Muinin müşahidə etdiyi bu döyüş uzun bir zaman davam etdi. Bu döyüş Ng Mui yə yeni bir döyüş sisteminin yaratmasına səbəb oldu.
Maraqla bu döyüşü izləyən rahibə Ng Mui, yeni bir stil yaratdı. Bir gün rahibə ərzaq almaq üçün Məbəddən yaxınlıqdakı kəndə gəlir, həmin kəndə başçılıq edən Vonq ləqəbli birisinin bir qızı incitdiyini görür.

Həmin Vonq qızı zorla özü ilə evlənməsini istəyir və ona hədə qorxu gəlir. Qızın adı Ving Çun idi.
Vinq Çun olduqca gözəl və ağıllı idi, lakin qızcığaz həmin o başçı ilə evlənmək istəmirdi.
Ng Mui qızı özü ilə məbədə aparır və ona yaratdığı yeni döyüş stilini ona öyrədir.

Bir müddət Ng Mui ilə qalan Ving-Çun bu döyüş texnikasını məharətlə öyrənir.
Məbəddən qayıtdıqdan sonra Ving-Çun yenə də Vonq tərəfindən narahat edilir.
O, belə olduqda onu açıq döyüşə dəvət edir.
Şərt belə olur; Vonq qalib gələrsə Ving-Çunla evlənəcək,əks halda onu birdə narahat etməyəcək. Həmin döyüşdə Ving-Çun Vonqu məğlub edir.
Beləliklə bütün narahatçılıqlara son qoyulur.
Ng Mui yeni yaratmış bu döyüş stilinə ilk tələbəsi olmuş Ving-Çunun adını qoyur. Beləliklə yeni stil Ving-Çun adlanır.

Bu döyüş stiıinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır. Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır.

Yip-Man 13 yaşında olarkən ving-çunla məşğul olmağa başlamışdır. Onun müəllimi Çan Vah-Şu idi.
Ustadından ving-çunun bütün döyüş sirrlərini mükəmməl öyrənmiş Yip-Man, 1967-ci ildə Honq-Konq vin-çun döyüş assosiasiyası qurmuşdur.
Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.

Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir.

Ving-Çun effektiv “Çi” tənəffüsündən, univrsal əl texnikalarından, çevik mövgelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir. Təlim məşqləri bu texnika ilə başlayır və həssaslıq, hiss etmə qabiliyyətini özündə formalaşdırır.