Valideynlərə övladlarının sağlam gələcəkləri üçün idmana yönəltmələrini məsləhət görürəm. Çünki idman sağlam gələcəyin sütun təməlidir. İdmançılarımıza yeni nailiyyətlər arzu edirəm. Bütün idmançıları və idmansevərləri Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Vinq Çun Federasiyasının prezidenti, Əməkdar məşqçisi Asif Sayadov deyib.
Federasiyanın prezidenti bildirib ki, bütün idman ictimaiyyəti bu günü yüksək əhvali-ruhiyyədə qeyd edir. “Biz də öz növbəmizdə bir sıra tədbir, seminar və yarışlar təşkil edirik. Gənclər və İdman Nazirliyi tərəfindən 27 fevral – 5 mart tarixləri ölkə ərazisində “İdman həftəsi” elan edilib. Tədbir və layihələrin həyata keçirilməsi gənc nəslin sağlam və gümrah böyüməsində, onların hərbi vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində mühüm rol oynayır”, – deyə Asif Sayadov əlavə edib.
Qeyd edib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır və buna görə də Prezidentimizə borcluyuq. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.
Leave A Comment