Azərbaycan Vinq Çun Federasiyası “Heydər Əliyev İli”-nə həsr olunan “Açıq Bakı Turniri” keçirib.

Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarışda, idmançılar iki versiyada – “vinq çun-kontakt” və “vinq çun-taolu” üzrə gücünü sınayıblar. Ümumilikdə 21 çəki dərəcəsində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında gərgin mübarizə gedib.

Yarışın açılış mərasimində bir sıra federasiya rəsmiləri, TV və mediya nümayəndələri, veteran idmançılar iştirak ediblər. Federasiyanın prezidenti, Respublikanın əməkdar məşqçisi Asif Sayadov açılış nitqi ilə çıxış edərək Ulu öndərin həyatından, onun idman siyasətindən gənc idmançılara məlumat verib. Eyni zamanda gələcək aylarda keçiriləcək mötəbər yarışlardan danışıb.

Daha sonra Federasiyanın vitse-prezidenti Mahmud Mehtioğlu, Baş hakim Şahin Mustafayev, Baş məşqçi Arzuman Rəsulzadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnirdə federasiyanın üzvü olan klub və filiallardan ümumilikdə 200-ə yaxın atlet iştirak edib.