Azərbaycan Vinq Çun Federasiyası aprelin 23-də Bakı İdman Sarayında ölkə çempionatı keçirib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Azərbaycan çempionatında idmançılar iki kateqoriyada mübarizə aparıblar. Yarış Beynəlxalq Vinq Çun Birliyinin qaydalarına əsasən vinq çun tao lu və vinq çun kontakt üzrə təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, bir sıra federasiyaların rəhbərləri, Gürcüstan və Türkiyə Vinq Çun federasiyalarının rəhbərləri, eləcə də Olimpiya və dünya çempionları, Vətən müharibəsinin qaziləri və şəhid ailələri iştirak ediblər.
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Dövlətimiz tərəfindən idmanın inkişafı üçün mühüm addımlar atılıb. Bu gün də bu siyasət davam etdirilir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinin də sürətlə inkişaf etməsi bunun bariz nümunəsidir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, Azərbaycanda idmanın inkişafının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, məhz dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikamızda idman sürətlə inkişaf edir. Baş İdarənin rəisi gənclərimizin idmanın bu növünə marağının artırılmasında Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Azərbaycanın dünya idman xəritəsində xüsusi yerinin olduğunu bildirib. O vurğulayıb ki, idmançılarımızın uğuru, eyni zamanda, dövlətimizin gücünün də göstəricisidir. Ölkəmizin müxtəlif iqtisadi və iş sahələrinin vətəndaşları idmana dəstək göstərir. O, əlavə edib ki, səhiyyə işçiləri, eyni zamanda, vətəndaşların sağlam ruha da sahib olması üçün çalışır. Bu səbəbdən də idmançılarımızın da qayğısına qalmaq lazımdır. Çünki sağlam bədəndə sağlam ruh olar.
Federasiyanın vitse-prezidenti İlqar Mustafayev bildirib ki, idmançılarımızın əsas təkanverici stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı, birinci sırada Vətənə, xalqa olan bağlılıq dayanır. Azərbaycan idmançıları istər Olimpiya oyunlarında, istərsə də Avropa, dünya çempionatlarında medallar qazananda, ölkəmizin milli himni səslənəndə hər bir vətəndaşımız sevinir. Buna görə də biz onlara minnətdarıq və onları daima dəstəkləyirik.
Diqqətə çatdırılıb ki, özündə şərq fəlsəfəsini ehtiva edən vinq çun digər şərq döyüş növləri kimi insanın təkcə fiziki gücünü deyil, eyni zamanda, mənəvi gücünü də tərbiyə edir. Bu idman növü gənc nəslin sağlam ruhda böyüməsində və onlara vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna rol oynayır.
Nümunəvi çıxışlardan sonra turnirə start verilib.
Tədbirdə federasiya ilə səmərəli əməkdaşlıq edən bir sıra qurumların nümayəndələri təltif olunublar.
Leave A Comment