Bu gün 2 fevral Gənclər günü ilə əlaqədar olaraq Azərbaycan Vinq Çun Federasiyasında tədbir mərasimi baş tutub. Tədbirdə Federasiya heyəti – Federasiyanın prezidenti Asif Sayadov, Ümumi işlər üzrə vitse – prezident Mahmud Mehtioğlu, Beynəlxalq əlaqələr üzrə vitse – prezident İlqar Mustafayev, Federasiyanın baş hakimi Şahin Mustafayev, İctimai – əlaqələr və marketinq şöbəsinin müdiri Baba Məmmədov, Uşaq və Yeniyetmələrdə baş məşqçi Arzuman Rəsulzadə iştirak edib. Tədbir uşaq yeniyetmə və gənclər arasında keçirildi və bir neçə şəxslər federasiya tərəfindən fəxri fərmanla qiymətləndirildi. Eyni zamanda II Vətən müharibəsi iştirakçıları da diqqətdən kənarda qalmadı. Federasiyada tədbirlə əlaqədar olaraq idarə heyəti rəhbərlərindən müsahibələr aldım. Elə isə indi İlqar Mustafayevlə olan müsahibəni diqqətinizə çatdırıram.

Qeyd edim ki, Mustafayev İlqar Valeh oğlu 28.02.1988 Bakı şəhərində anadan olub. Atatürk liseyini bitirmişdir. 2009-cu ildə İqtisad universiteti Türk İşletme fakültəsinin bakalavr məzunu olmuşdur. 2021-ci ildə Frankfurt School of Finance and Management – Beynəlxaq Səhiyyənin İdarə olunması MBA məzunudur. Hazırda Milli Hematologiya və Transfuziologiya mərkəzinin direktor müavini vəzifəsində çalışır.

– İlqar müəllim, necə oldu Vinq Çun döyüş sənəti ilə tanış oldunuz? Fəaliyyətinizlə bağlı söhbət açardınız.

– 2009 – 2010 – cu illər ərzində Türkiyədə təhsil aldığım müddətdə yaxın döyüş sənətlərilə maraqlanmağa başladım. Özəlliklə də təhsil aldığım yer Türkiyənin dağlıq ərazisi idi və Kütahya şəhərində az inkişaf etmiş bir bölgə idi. Hər zaman axtarışda olan biri kimi axtardım və Vinq Çuna rast gəldim. Orada bir il məşğul oldum və 2010 – cu ildən etibarən ölkəyə qayıtdım. Elə həmin ildən 2014 – cü ildə Asif Sayadovun video görüntülərinə rast gəldim və Vinq Çun klubu ilə qarşılaşdım. Daha sonra ətraflı məlumatlara yiyələnib kluba gəldim və Asif müəllimlə şəxsən tanış oldum. O zamandan da idmançı kimi fəaliyyətə başladım.

– Nə qədər döyüş növü var, bəs hansı xüsusi əlamətinə görə Vinq Çun diqqətinizi çəkdi?

– 2008 – ci ildə İp Man filminiin təzə seriaları çıxmışdı. Həmin dövrdə özəlliklə Vinq Çunu hər kəs axtarmağa başlamışdı. Xaraktercə qeyri – adi şeylərə önəm verən biri olduğum üçün bu mənim də diqqətimdən yan qaçmadı. Elə oldu ki, Vinq Çunun tarixini araşdırdım, sonradan bu barədə çəkilmiş filmləri izlədim. Beləcə onun hansı tarixdən keçdiyini, xarakteristikasını, tərkib və texnikalarını biləndən sonra düşündüm ki, özümü bu sahədə sınayım və gördüm ki, bu sahə məndə alınır. Şahidi oldum ki, qıraqdan mürəkkəb döyüş növünə bənzəsə belə təkcə məndə deyil, məşğul olan hər bir kəsdə alınır. Maraqlısı isə odur ki, burada uğuru qısa müddət ərzində ala bilmək olur. Bu isə insana daha çox stimul qazandırır. İnsanın özünə inamı artır və bu dəyişim prosesini rahatlıqla görmək olur.

– Maraqlıdır, bu döyüş növü sizə hansı nailiyyətləri qazandırdı?

– Öncəliklə onu deyim ki, Türkiyədə oxuduğum dövrdə bu döyüşlə məşğul olmağımın təhsilimə neqativ təsir yükləmədi. Əksinə, o qədər stimul verirdi ki, dərslərimdə də fəal ola bilirdim. Asif müəllimlə tanış olduqdan sonra iş həyatımda fəaliyyətimi davam etdirirdim. Dediyim kimi, çox gözəl bir ifadədir: “Sağlam bədəndə sağlam ruh olar”. İdmanla məşğul olduqdan sonra nəinki günlük həyatımızda, o cümlədən təhsilimizdə, işimizdə də uğuru hiss edə bilirik. Mən biznes sahəsində çalışırdım. Bura rəqabətin bol olduğu bir yerdir. Özünə inamın olmazsa irəli gedə bilmərsən. Vinq Çunla məşğul olmağım məndə özgüvəni daha da formalaşdırdı.

– Faktiki olaraq Federasiyada Beynəlxalq Əlaqələr üzrə vitse – prezidentsiniz. Bu yöndə nə kimi işlər görürsünüz?

– Biz vətəndə mütəmadi şəkildə müxtəlif verilişlərin, proqramların və s. qonağı oluruq. Eyni zamanda da fəliyyət sahəmiz təkcə Azərbaycanda deyil. Beynəlxalq əlaqələr üzrə vitse – prezident olduğuma görə federasiya olaraq əməkdaşlığımız ölkə sərhədlərindən kənara çıxır. Və mütəmadi əlaqələr və sıx əməkdaşlıqlar hər zaman qüvvədədir. Biz burada layihələr həyata keçiririk, tədbirlər planlayırıq. 2014 – cü ildə klub olaraq Samuel Kvoku Azərbaycana gətirə bildik. Onunla bərabər Türkiyə Vinq Çun Federasiyasının prezidenti cənab Murad Kaplanı da Azərbaycana dəvət etdik və ilk beynəlxalq seminarımızı keçirmiş olduq. Bu ölkə səviyyəsində geniş rezonans doğurdu və demək olar ki, bütün idman sahəsinə olan fikirləri üzərimizə toplaya bildik. Telekanallara dəvət aldıq, haqqımızda nə qədər verilişlər hazırlandı, mətbu orqanlara müsahibələr verdik. Bu müddət ərzində hər kəs sadəcə Vinq Çun idman növündən danışmağa başlayırdı. Düşünürəm ki, Samuel Kvokun Azərbaycana gəlişindən sonra bu sənətə qarşı bütün diqqət və qayğı artmağa başladı. 2018 – ci ildə Federasiya statusunu aldıq və ondan sonara qarşımızda olan bütün şərtləri layiqincə yerinə yetirə bildik. Hansı ki, idman klublarını genişləndirməli idik, bir çox ölkənin bölgələrində məktəblərdə tələbələrin sayını artırmalı idik. Bizə olan diqqət, maraq, inam onu yaratdı ki, biz bu işlərin öhdəsindən gələ bildik. Ondan sonra federasiya olaraq Samuel Kvoku ölkəmizə ikinci dəfə gətirdik. İkinci çox böyük beynəlxalq seminarımız həyata keçdi, çempiyonatlarıımız, layihələrimiz oldu. Artıq beynəlxalq statusu daşıdığımız üçün nəinki Azərbaycandan, xaricdən olan nümayəndələrimiz də buraya dəvət aldılar. Federasiya statusu almağımızla başqa ölkələrdə keçirilən çempiyonatlarda, layihələrdə rəsmi iştirak edə bilirik. Bizə geniş imkanlar verdi və biz də çalışırıq ki, daha böyük uğurlara imza ata bilək.

– Ağır pandemiya dönəmlərindən keçdik. Hətta sərt karantin dönəmləri oldu ki, qapanmaların sayı hər gün daha da artırdı və bu idman sahəsindən də yan keçmədi. Həmin dönəmdə sanki hər şey onlayn platformalara yerini verməyə başladı. Bəs maraqlıdır, həmin dönəmlərdə dərsləriniz, seminarlarınız hansısa bir tətbiq üzərindən keçirildimi?

– Doğru vurğuladınız ki, dünyanı cənginə alan “Covid-19” Koronavirus pandemiyası bizim sahədən də yan keçmədi. Bir çox inkişaf etmiş ölkələrdəki kimi, Azərbaycanda da məhdudiyyətlər oldu və qapanmalar yarandı. Bu iqtisadiyyatda da, müxtəlif sahələrdə və o cümlədən də idmanda özünü büruzə verdi. Həmin müdddət ərzində qapalı məkanların bağlanması səbəbilə demək olar ki, fəaliyyətimizi tamamilə donduruşduq. Bu ölkə səviyyəsində verilmiş bir qərar idi. Biz heç cür bu qərarın əksinə addım ata bilməzdik. İstənilən halda, ən ekstrimal vəziyyətlərdə belə düşünürəm ki, hər kəs eyni hədəfə vurmağı bacarmalı, bir olmalıdır. Ölkə rəhbərliyinin qərarı ilə – qapanmaların olması ilə, təmaslardan qaçınmaqla bu pandemiyanın öhdəsindən gəldik. Bizim də borcumuz idi ki, tapşırıqlara əməl edək və az da olsa bu pandemiyanı ölkəmizdən sovuşub getməsinə yardımçı olaq. Həmin mərhələdən də uğurlu çıxdıq və o müddət ərzində bir çox tələbələr idmanla məşğul olmamağa başladı və daha sonra bir çoxu idman sahəsini buraxmışdı. Lakin bu o demək deyil ki, biz fəaliyyətimizi dayandırmışıq. Əksinə. Bir haşiyə çıxım ki, hər dəfə İp Man filminin yeni seriyası çıxdıqda bütün diqqət Vinq Çunun üzərinə toplanmağa başladı. Xoş təsadüf oldu ki, həmin dövrdə “İp Man”-ın dördüncü seriyası çıxdı, yenidən diqqət və qayğıları üzərimizə çəkməyə başladıq və bu minvalla da tələbələrimizin də sayı artdı. Təbii ki, biz öz fəaliyyətimizi filmin növbəti seriyalarının üzərinə bağlaya bilmərik. Sadəcə bu bir tanıtım xarakterli qrandmaster İp Manın həyatından bəhs edən bir filmdir. Vinq Çun haqqında geniş məlumatlar verilir. Amma buna rəğmən bizim öz fəaliyyət dairəmiz genişdir. Ölkədə tanınmaq üçün , təkmilləşdirmək üçün ələlxüsus da güc strukturları ilə əməkdaşlıq edirik. Müxtəlif orqanlar ilə , istərsə də digər bunabənzər qrumlar ilə müqaviləmiz var və Asif müəllim onlara xüsusi təlimlər keçir. Bu fəaliyyətimizin sadəcə bir başlanğıcıdır. Əlavə edim ki, bəzi Avropa ölkələrində – Hollandiyanın, Almaniyanın müxtəlif dövlət və ya özəl məktəb və universitetlərində bu sənətin tədrisi inzibati tədris qaydasına salınıb. Burada şagird və tələbələr dərslərinin bir hissəsini mütləq Vinq Çuna həsr edirlər. Çünki Vinq Çun təkcə döyüş sənəti deyil. Böyük fəlsəfəyə malikdir, eyni zamanda tibbi tərəfləri də var. Burada elə texnikalar var ki, beynin hər iki yarımkürəsini eyni formada inkişaf etdirir. Parkinson, altsheymer xəstəliyiklərinin qarşısını alır, refleksləri gücləndirir və bununla da beyini daha yaxşı inkişaf edtməyə vadar edir. Bu idman növü ilə mütəmadi məşğul olan şəxslərin iş həyatındakı fəaliyyəti digərlərinə nisbətən daha aktiv ola bilir. Bu tip ölkələr də geniş araşdırmaların nəticəsilə öz tədris mərkəzlərində Vinq Çunu bir fənn olaraq tədris edirlər. Düşünürəm ki, elə bir vaxt gələcək ki, biz də bu prosesi həyata keçirə bilərik. Çünki bu bir çox ölkələrdə qadınlara olan şiddətdə özünümüdafiə proqramı olaraq təbliğ olunur. Hər bir insan özünü müdafiə etməyi bacarmalıdır. Ələlxüsus da vacib bilirəm ki, bu döyüş sənəti ilə məşğul olsunlar. Bu sahədə də Vinq Çun sözün əsl mənasında özünü təsdiq edib.

– Bir az öncə İp Manın filmindən söhbət açdınız. Ola bilərmi ki, nə zamansa Azərbaycanda da İp manın Azərbaycan versiyasını yaradasınız?

– Videoqraf komandamız ilə tanıtım xarakterli qısametrajlı çarxlar deyərdim ki, olur. Bu formada izah edə bilərəm ki, bu sənətlə məşğul olanlar müxtəlif qrumların adamlarıdır. Elə özümdən misal çəkim ki, səhiyyə sahəsi üzrə dövlət xəstəxanasında fəaliyyət göstərirəm. Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin direktor müaviniyəm. Bizdə məşğul olan istənilən sahənin mütəxəssisləri, o cümlədən məktəbli və tələbələr var. Vinq Çun bunların hamısını bir çətir altında birləşdirərək ailə edir. Hər hansı bir layihəmiz olarsa, bu kəslərin hər biri təmənna ummadan əllərindən gələni etməyə hazırdır. Necə ki, mən 2014 – cü ildə Samuel Kvoku Azərbaycana gətirərkən hamımız bir hədəfə vurduq və onu Azərbaycana gətirməyə nail olduq. Gələcəkdə də tanıtım xarakterli olaraq qısametrajlı film çəkmək üçün yenə də ailə olaraq bir araya gəlib bu barədə düşünəcəyik. Hazırda belə bir layihəmiz yoxdur, amma yaxın gələcək üçün düşünürük.

Onu da qeyd edim ki, Asif Sayadov İp Manın üçüncü nəsil davamçısıdır. Ondan öncə qrandmasterlər olub amma dünyada tanınması İp Man ilə başlayır. Canlı əfsanə olan Samuel Kvok həm İp Man həm də onun övladlarının tələbəsi olub və Asif Sayadov da onun tələbəsi olduğu üçün demək olar ki bu şəcərənin rəsmi şəkildə üçüncü davamçısı da məhz Asif Sayadovdur. Biz də Asif müəllimin tələbələri olduğumuz üçün düşünürəm ki, dördüncü nəslin davamçılarıyıq. Gün gəlcək ki, Asif Sayadov da Vinq Çun döyüş sənətinin Azərbaycandakı qrandmasteri olaraq tanınacaq. Gələcəkdə film çəkilməli olsa düşünürəm ki, bu işin də öhtəsindən uğurla gələcəyik.

– Hansı tədbirlər planını həyata keçirməyi düşünürsünüz?

– Bir haşiyə çıxım ki, layihələrimiz çox idi və dünyanı cənginə alan pandemiya səbəbindən biz onları təxirə salmaq məcburiyyətində qaldıq. Azərbaycanın şanlı tarixini yazdıq. O müddət ərzində isə qəlbimiz səngərdə döyüşən qardaşlarımızla döyünməyə başladı. Pandemiya bitdikdən sonra , yay aylarında açıq havalarda müxtəlif “flashmob” lar həyata keçirirdik. Karantin müddəti bitdikdən sonra zallarda fəaliyyətimizi davam etdirməyə başladıq. Ölkə daxilində müxtəlif turnirləri keçiririk və önümüzdə Voroniyejdə açıq turnir keçiriləcək və dünyanın müxtəlif yerlərindən idmançılar burada dəvət alacaqlar. Lakin bir məqamı da qeyd edim ki, ən çox iştirak edəcək vətəndaşlar SNQ ölkələri və Türkiyədən olacaq. Buna da ciddi şəkildə hazırlaşırıq. Qalib ölkənin nümayəndəsi olaraq vətənə qayıtmağı hədəf olaraq götürmüşük. Bacardığımız qədər hər bir idmançıları bu yarışa peşəkarcasına hazırlayacıq ki, ölkəyə meddalla gələ bilsinlər. Bundan öncəki Çində keçirilən idman turnirində altı idmançı ilə getmişdik və hər biri medal qazanaraq ölkəyə qayıtmışdı. Orada bütün diqqət bizim üzərimizdə idi. Bu isə bizim üçün fəxrdir. Və çalışırıq ki, bu cür tədbirlərin ölkəmizdə keçirilməsi üçün imkan yaradaq. Çünki bu ölkəmizin dünyada daha çox tanınmasına zəmin yaradacaq. Təşəkkür edirəm.