Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyası 8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 7-də tədbir təşkil edib.Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyası 8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 7-də tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, Bakı Biznes Universitetində keçirilən tədbirdə Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov, federasiyanın nümayəndələri, Vətən müharibəsi qaziləri və idmançılar iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Federasiyanın prezidenti Asif Sayadov tədbirdə çıxış edərək qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, vinq-çun ailəsi üzvlərinin ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açıb: “Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün şəhidlərimizin ruhu şaddır. Onların haqq işi Qələbə çalıb, qanları yerdə qalmayıb. Birinci Qarabağ müharibəsində mənim qardaşım da şəhid olub. Ona görə mən müharibənin ağrı-acısını çəkən insanları çox yaxşı başa düşürəm. Lakin Vətən müharibəsində qazanılan Qələbə sayəsində biz mənfur düşməndən qisasımızı aldıq. Bu müharibədə iştirak edənlər arasında federasiyamızın idmançıları da var. Həmin idmançılardan biri də Allahyar Telmanlı idi. O, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun və digər şəhidlərimizin xatirəsi əbədiləşdirilir, onların ülvi idealları gənc nəslə aşılanır. Federasiyamızın üç üzvü – Azər Sahibi, Səid Abdullayev və Babək Zeynal 44 günlük Vətən müharibəsində iştirak ediblər. Əgər torpaqlarımızın alınmasında bizim federasiyamızın üzvlərinin zərrə qədər də olsa əməyi varsa, biz bununla fəxr edirik”.

Federasiyanın vitse-prezidenti Mahmud Mehdioğlu tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurub möhkəmləndirdiyi istehkamları, düşmənin hərbi birləşmələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.

Vətən müharibəsi qaziləri Azər Sahibi və Səid Abdullayev vurğulayıblar ki, böyük Qələbəmizin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin başladığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə elə bir Zəfər salnaməsi yazıb ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərb müəssisələrində tədqiqatlar aparılır. Əldə olunan bu Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən qazilər tarixi Zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıblar.

Federasiyanın mətbuat katibi, Vətən müharibəsi zamanı döyüş bölgəsində xidməti ezamiyyədə olan Babək Zeynal isə qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, döyüşlərdə yüksək peşəkarlığının işıqlandırılması zamanı müşahidə etdiyi qəhrəmanlıq nümunələrindən danışıb.

Sonra Vətən müharibəsi şəhidi Allahyar Telmanlının həyatı və keçdiyi döyüş yolu haqqında sənədli film nümayiş olunub.

Filmin nümayişindən sonra federasiyanın idarə heyətinin yeni üzvlərinə vəsiqələr təqdim olunub.

Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse–prezidenti İlqar Mustafayev, federasiyanın baş hakimi Şahin Mustafayev, federasiyanın icraçı direktoru Ramin Əliyev də çıxışlarında Vətən müharibəsinin xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsi olduğunu vurğulayıblar.

Sonra mərasim iştirakçıları İkinci Fəxri xiyabana gedərək, Vətən müharibəsi qəhrəmanlarının məzarlarını ziyarət ediblər.
Mənbə:https://azertag.az/xeber/1920114