Ötən gün Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri, xanım Qo Min, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, hökümət nümayəndələri, xarici ölkələrin diplomatları, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Vinq Çun Federasiyasının prezidenti, əməkdar məşqçi Asif Sayadov, federasiyanın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ramin Əliyev, şöbə müdiri Azər Mahalov, məşqçilər Elsevər Zülfiyev, Azər Sahibi və həmçinin bir qrup idmançılar iştirak ediblər.
Tədbirin rəsmi hissəsində federasiyanın idmançıları min illik qədim tarixi və dərin fəlsəfəsi olan Çin döyüş sənətinin populyar növü olan Vinq Çun üzrə nümunəvi çıxış nümayiş ediblər.
Daha sonra federasiyanın prezidenti Asif Sayadov tədbirdə çıxış edərək bildirib ki, Çin idman növlərini təbliğ edən idman təşkilatı olaraq bu döyüş sənətlərini, əsasən də Vinq Çun, Uşu və Kunq-Funu ölkəmizdə yüksək səviyyədə tanıtmaq və inkişaf etdirmək Assosiasiyanın əsas məqsədlərindən biridir. Eləcə də Azərbaycan və Çin dövlətləri arasında dostluq və idman əlaqələrinin daha da möhkəmlənməsinə nail olmaqdır. Çıxış zamanı vurğulanıb ki, Çin Səfirliyi ilə sıx əməkdaşlıq yüksək nailiyyətlərə və müxtəlif sahələrdə uğurlu əməkdaşlığa da vəsilə olacaqdır.
Çin səfiri xanım Qo Min, öz növbəsində idmançıların nümunəvi çıxışına və Çin idman növlərinin təbliğ və inkişafındakı roluna görə Asif Sayadova təşəkkürünü bildirib. Sonda xatirə fotosu çəkilib.
Leave A Comment