Azərbaycan Vinq Çun Federasiyası 8 Noyabr – Zəfər Günü ilə əlaqədar respublika seminarı keçirib.

Bakı Biznes Universitetində gerçəkləşən seminarda açılış nitqi ilə çıxış edən Federasiyanın prezidenti Asif Sayadov yığıncağın mahiyyəti və Zəfər Gününün önəmi barədə məlumat verib.

O bildirib ki, xalqımızın qüdrətinin rəmzinə çevrilən bu tarixdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib.

Vurğulanıb ki, bütün bunlar Prezident İlham Əliyevin uzun illərdir apardığı güclü siyasətin, eləcə də vətənpərvər, sağlam gənclərin böyüməsi üçün idmana ayırdığı diqqətin nəticəsidir.

100-ə yaxın tələbənin iştirak etdiyi seminar ümumilikdə nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

“Sağlam bədəndə sağlam ruh olar” şüarı ilə davam edən nəzəri hissədə idarə heyətinin digər üzvləri, federasiyanın klub və filiallarından ən təcrübəli məşqçi heyəti söz alıb.

Onlar tələbələrlə maarifləndirici söhbətlər aparıblar.

Federasiyanın baş hakimi Şahin Mustafayev idmançı üçün sağlam qidalanmaya riayət etməyin əhəmiyyətindən bəhs edib.

Daha sonra şərq döyüş növləri üzrə ustad Rauf Əliyev və məşqçi Azər Sahibi idmançı üçün sağlam qidalanmaya riayət etməyin əhəmiyyəti, gümrah və sağlam bədən üçün yuxu rejimi, daha güclü vətəndaş olmaq üçün təhsilin önəmi, narkomaniyanın fəsadlarından qaçmaq üçün sağlam vərdişlərə yiyələnməyin qaydaları, həmçinin yanlış insanların psixoloji təsir dairəsindən yayınma metodları barədə geniş məlumat veriblər.

Seminarın praktiki hissəsində isə federasiyanın təcrübəli müəllimləri Elsevər Zülfiyev, Arzuman Rəsulzadə, Aqşin Nəbiyev, Elşən Hacızadə və İbrahim Ağayev adi şəraitdə və ya küçədə yaranan ekstermal vəziyyətlərdə özünümüdafiə ilə bağlı ustad dərsləri veriblər.

Sonda seminar iştirakçılarına federasiya adından sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib.