Aprelin 20-də Bakı İdman Sarayında vinq çun üzrə birinci respublika çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda idmançılar uşaqlar, yeniyetmələr, gənclər və kişilər mübarizə aparacaqlar.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov mərasimdə çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Federasiyanın fəaliyyətindən danışan A.Sayadov deyib: “Vinq çun qədim və dərin fəlsəfəsi olan döyüş sənətidir. Eyni zamanda, vinq çun yalnız döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir. İdmanın bu növü ölkəmizdə 11 ildir inkişaf etdirilir. Lakin federasiyamız yeni təsis olunub. Buna baxmayaraq, federasiyada təcrübəli heyət formalaşıb. Məşqçilər və hakimlər heyətinin də federasiyanın uğurlu fəaliyyətində və idmanın bu növünün inkişafında böyük xidmətləri var”. Federasiya prezidenti qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, vinq çuna marağın ildən-ilə artdığını deyib, idmançılara uğurlar arzulayıb.
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Jalə Əhmədova idmanın bu növünün inkişafında və istedadlı idmançıların üzə çıxarılmasında belə turnirlərin əhəmiyyətini qeyd edib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanda idmanın inkişafının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, məhz dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikamızda idman sürətlə inkişaf edir. Baş İdarənin rəisi gənclərimizin idmanın bu növünə marağının artırılmasında Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib.
Açılış mərasimində çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Ali Məhkəmənin hakimi Fərhad Əliyev, Azərbaycan Döyüş Növləri Federasiyaları Assosiasiyasının vitse-prezidenti Vasif Namazov, Azərbaycan Şaolin və Savat Döyüş Federasiyasının prezidenti Rafiq Əliyev, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və Çinin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Aprel döyüşlərinin iştirakçıları çıxışlarında ölkəmizdə vinq çunun kütləviliyinin artırılmasından və sürətli inkişafından məmnunluqlarını bildirərək, bu baxımdan belə turnirlərin təşkilinin əhəmiyyətini qeyd edib, idmançılara uğurlar arzulayıblar.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının fəxri fərmanı ilə mükafatlandırılıb.
Sonda Aprel şəhidi, vinq çun üzrə Azərbaycan çempionu olmuş Cabbarxan Hacıağayevin anasına qızıl medal və diplom təqdim edilib.
Sonra turnirə start verilib.
Çempionat Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçirilir. Respublika birinciliyində 20 klubdan 300 yaxın idmançı iştirak edir. Çempionatda birinci yeri tutacaq idmançılar yığma komandanın heyətində Honkonqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar.