26.12.2021-ci ildə Azərbaycan Vinq-Çun Döyüş Sənəti Federasiyasında (AVÇDSF) ilin yekunları müzakirə olunub.
Tədbirdə federasiyanın nümayəndələri, digər idman federasiyalarının nümayəndələri, fəxri qonaqlar klubların rəhbərləri, məşqçilər, hakimlər və idmançılar iştirak ediblər.
AVÇDSF-nin prezidenti Asif Sayadov federasiyanın 2021-cu ili uğurla başa vurduğunu bildirib. O, qeyd edib ki, ölkəmiz üçün yeni olan vinq-çunun inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. A.Sayadov federasiyanın gələcək perspektivlərindən və idmanın bu növü üzrə uğurun əldə olunması üçün qarşıda duran vəzifələrdən danışıb. O, bildirib ki, iyunda açıq havada seminar, oktyabrda Bakı çempionatı və Daxili İşlər Nazirliyinin Akademiyasında seminar, dekabrda isə qadınların şiddət və zorakılığa qarşı özünümüdafiəsi üzrə seminar keçirilib.
Federasiyanın vitse-prezidenti Mahmud Mehtioğlu isə federasiyanın builki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. M.Mehtioğlu vurğulayıb ki, cari ilə böyük uğurla Bakı çempionatı və seminarlar keçirilib.
Azərbaycan Vinq-Çun Döyüş Sənəti Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti İlqar Mustafayev isə ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq turnirlər barədə danışıb. Bildirib ki, 2020-ci ildə keçirilməsi planlaşdırılan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan Avropa çempionatının təşkili nəzərdə tutulur.
AVÇDSF-nın şöbə müdiri Baba Məmmədov isə federasiyanın növbəti ildəki çempionat və tədbirləri barədə, həmçinin ölkədə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıb.
Daha sonra federasiyanın icraçı direktoru Ramin Əliyev Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş “Qələbə qaçışı” adlı xeyriyyə tədbirindən söz açıb.
Tədbirin fəxri qonaqları olan Fransa Vinq Çun və Krav Maga məktəbinin nümayəndəsi Aleksandr Boisson, Mustafa Cenk Abaç, Ülkər Ələkbərova, Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Rauf Əliyev, Vətən müharibəsi iştirakçısı, “İgidliyə görə” medala layiq görülmüş zabit Tofiq Rəşidov və psixoloq Süleyman Məmmədzadə isə ölkəmizdə idmanın bu növünün gündən-günə inkişaf etdiyini bildiriblər, federasiya rəhbərliyi və nümayəndələrinə yeni ildə uğurlar arzulayıblar.
Sonra federasiya tərəfindən ilin ən yaxşı idmançısı Ayman Mahal seçilib.
Sonda il ərzində fərqlənmiş idmançı, məşqçi və klubların rəhbərləri, federasiya rəsmiləri, Vətən müharibəsində iştirak edən federasiyanın mətbuat katibi Babək Zeynal, eləcə də mətbuat nümayəndələri fəxri fərman və diplomlarla təltif olunublar.
Leave A Comment