Vinq çun yalnız döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir
İnsanların sağlamlığı, gənc nəslin zərərli vərdişlərdən uzaqlaşaraq idmana cəlb olunması dövlətimizin prioritet istiqamətlərindəndir. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişaf etdiyi Azərbaycanda 70-dən çox idman federasiyası fəaliyyət göstərir. Bura həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri daxildir. Ötən il idman federasiyaları ailəsinin bir üzvü da artıb. Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası yeni yaransa da, az müddətdə xeyli uğurlar əldə etməyi bacarıb.
Federasiyanın fəaliyyəti haqqında geniş və ətraflı məlumat almaq üçün idman qurumunun prezidenti, Şərq döyüş növləri üzrə Əməkdar məşqçi, 4 qat dünya çempionu Asif Sayadovla görüşdük.
– Asif müəllim, sizi idmana və məhz vinq-çun döyüş sənətinə bağlayan nə oldu?
– 1977-ci ildə Qax rayonunun İlisu kəndindədünyaya göz açmışam. 7-ci sinfə qədər İlisu kənd orta məktəbində təhsil almışam.  Sonra Qax rayonunda yerləşən Olimpiya İdman Məktəbində oxumuşam, sərbəst güləş idman növü ilə məşğul olmuşam.Valideynlərim məni hüquqşünas görmək istəyirdilər. İlisu kəndi tanınmış insanları, ziyalıları ilə tanınır.Kəndin 160-dan artıq sakini adlı-sanlı insanlardır. Amma idman məni özünə çox çəkirdi.Böyük qardaşım Aydın idmançı idi və mənə idmanı o sevdirib. Qardaşım idman eləyəndə mən də qaçır, jim edir, turnikdən sallanırdım. O vaxt 5-6 yaşım olardı. Çox təəssüf ki, Qarabağ döyüşlərində onu itirdik. O, Ağdərədə qəhrəmancasına şəhid oldu.
7-ci sinifdən etibarən idmanla peşəkar şəkildə məşğul olmağa başladım.Olimpiya İdman Məktəbində ancaq iki idman növü – güləş və futbol tədris olunurdu.
Bu döyüş
sənəti müdafiədə çox güclü təsirə malikdir
– Yeni idman federasiyası yaratmaq fikri sizdə hardan yarandı?
– Uşaqlıqdan küçədə vuruşmağı, döyüşməyi çox sevirdim. Özümdə sanki bir döyüşçü ruhu olduğunu hiss edirdim. Bir müddət güləş, karate, sambo, kikboks idman növləri ilə məşğul olsam da, axtardığım başqa bir şey idi.Qax Olimpiya İdman Məktəbini bitirdikdən sonra 1995-ci ildə  Bakı Biznes Universitetinin iqtisadçı hüquqşünaslıq fakültəsinə daxil oldum. Tələbəlik illərində idmanın kunq fu növü ilə məşğul olurdum. Bu idman növü üzrə 4 qat dünya çempionu tituluna layiq görülmüşəm, 8 dəfə Azərbaycan birinciliyinin qalibi olmuşam. Sonra kunq funun şaolin növünə həvəs göstərdim. Bu idman növünün incləliklərinə yiyələnmək üçün Çində, Şaolin məbədində oldum. Portuqaliya, Rusiya və digər ölkələrə üz tutdum. Amma hələ də istədiyimi tapmamışdım. Portuqaliyada olanda Çin döyüş sənətinin vinqçun növü ilə tanış oldum. Müdafiə üçün bu döyüş sənətinin unikal və əvəzedilməz olduğunu dərk etdim. 2008-ci ildə vinq-çun döyüş sənəti assosasiyasının nümayəndəliyini Bakıya gətirməyə nail oldum. Ötən 11 il ərzində bir sıra yerli və xarici federasiyalarla sıx əlaqələr yaratmağa nail olduq. Müxtəlif Avropa və dünya çempionatlarında idmançılarımızın iştirakı təmin olundu.Vinqçun idman klubu təsis etdik və bura tələbə idmançıları cəlb etməyə başladıq. Əvvəllər bu idman növünün həvəskarları çox az idi, halbuki indi onların sayı 500-ü keçib. Hazırda paytaxt (9) və bölgələrdə (2-Qax, Lənkəran) ümumilikdə, 11 idman klubumuz fəaliyyət göstərir.Sentyabr ayında isə daha bir klubumuzu Qubada açmağı planlaşdırırıq.  Seçim yaş qruplarına görə və kateqoriya (həvəskar və peşəkar)  əsasında aparılır. Tələbələrimiz arasında idmanla peşəkar məşğul olanlar və güc strukturlarının nümayəndələri (mühafizə, polis, əməliyyat işçiləri) də var.
-Yetirmələriniz haqqında nə deyə bilərdiniz?
– Mən bu sahədə peşəkar döyüşçü olmaqla yanaşı, həm də məşqçilik fəaliyyəti ilə məşğul oluram. Yetirmələrimin arasında istedadlı idmançılar çoxdur.Təxminən iyirmi tələbəm bir çox beynəlxalq turnirlərin və dünya çempionatlarının qalibləridir və təbii ki, uğur və naliyyətlərimiz davam edir.Bir məşqçi kimi uğurlarım yüksək qiymətkəndirilib və 2011-ci ildə “Şərq döyüş növləri üzrə respublikanın Əməkdar məşqçisi” fəxri adına layiq görülmüşəm. 2015-ci ildə Almaniyada keçirilən Beynəlxalq seminarda “İlin ustası” titulu almışam.
Valideynlərim məni hüquqşünas görmək istəsələr də, idmana olan həvəsim, sevgim məni Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına gətirdi və mən ikinci təhsilimə böyük idman və elm ocağında yiyələndim.
– Azərbaycan Vinq Çun Federasiyası bugünlərdə 1 yaşını qeyd etdi?
– Doğma Azərbaycanımız artıq bütün dünyada idman ölkəsi kimi tanınır. Bunu respublikamızda yaradılan idman infrastrukturu, idmanın kütləviliyi, eləcə də, burada keçirilən irimiqyaslı idman yarışları da təsdiq edir.Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növləri də uğurla inkişaf etdirilir.Yuxarıda qeyd etdiyim kimi, vinqçun ölkəmizdə 11 ildən artıq müddətdə inkişaf etdiyi halda federasiyamız  2018-ci ildə yaradıldı. Həmin vaxta qədər çətin mərhələləri arxada qoyduq və xeyli uğurlarımız  oldu. 2015-ci ildə Beynəlxalq Vinq Çun Assosiasiyasının prezidenti Qrandmaster Samuel Kvok ölkəmizdə oldu.  Azərbaycan Gənclər və İdman Nazirliyində görüşlərimiz oldu, ustadlar dərs keçdilər. Gənclərimiz bu idman növünə həm də döyüş sənəti üzrə məşhur döyüş ustası, idmançı və aktyor Brus Liyə görə maraq göstərməyə başladılar. Vinqçun tez bir zamanda ölkəmizdə tanınmağa, sevilməyə başlandı. Beləliklə, Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyası 2018-ci ilin yayında təsis edildi və qurumun rəhbərliyi təsdiq edildi. Federasiyanın prezidenti mən, birinci vitse-prezidenti Jalə Əhmədova, vitse-prezidentləri Ramin Əliyev və Mahmud Mehtioğludur. İyunun 16-da federasiyamız ad gününü qeyd etdi. Mərasimdə bir il ərzində görülən işlər, və qazanılan uğurların hesabatı dinlənildi. Əlfi Məmmədov təşkilat komitəsinin sədri, Urxan Orucov böyüklər üzrə baş məşqçi vəzifəsinə təyin edildi. Bundan başqa, federasiyanın tərkibində yeni yaradılmış klubun lisenziyası baş məşqçi Şahin Mustafayevə təqdim olundu.
Federasiyanın məqsədi idmanın bu növünü ölkəmizdə inkişaf etdirmək, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə nail olmaqdır.Ölkəmizin idman şərəfini layiqincə qorumaq üçün idmançılarımız üçün əlverişli şərait yaratmaq prioritet istiqamətlərimizdəndir.
“Dürüst ol”,
“Gücünü zəiflərə
göstərmə”
– Vinqçun döyüş sənətinin özəlliyi nədədir?
– Vinq çun qədim və dərin fəlsəfəsi olan döyüş sənətidir. Eyni zamanda, vinq çun yalnız döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir.Kunqfu, şaolin döyüş sənətinin 1500 il tarixi olduğu halda, vinq çunun cəmi 300 il yaşı var, yəni daha müasir və təkmilləşdirilmiş növdür.
Şaolin və kunqfu idman növləri üzrə uzun müddət məşqçilik etmişəm.Amma vinqçun məni öz fəlsəfəsi ilə və özünəməxsusluğu ilə özünə çəkib. Mən ilk dəfə onun fəlsəfəsi ilə maraqlananda sanki müqəddəs kitabımız Qurani-kərimi yenidən oxudum.”Dürüst ol”, “Gücünü zəiflərə göstərmə”, “Həmişə xeyirxah ol”. “Var kimi ol, yox kimi görsən”və s. Axırıncı ifadənin mənası belədir ki, sən nəsə edə bilirsənsə, sənin ustadını kim olduğunu heç kəs bilməməlidir. Anladım ki, sonunda axtardığım idman növünü tapmşam. Vinqçun döyüş sənəti ucu-bucağı görünməyən okeanı xatırladır. Öyrəndikcə, öyrənirsən.Əsası da odur ki, burada yaş həddi yoxdur.Bu idman növü ilə 6-yaşdan 60 yaşa kimi məşğul olmaq mümkündür.
Bu idman növümdə zəka və sürət vacib şərtdir. Elə bir fiziki güc və qayda da yoxdur. Döyüş üçün ən yaxşı müdafiə üsuludur. Vinq çun güləş, boks, kikboks və s. döyüş üsullarını özündə birləşdirir. Bir sözlə, ağıl və sürət hesabına traektoriyanı (bədəndə müəyyən nöqtələri) müəyyənləşdirərək əl və ayaq hərəkətləri ilə maneəni dəf etməyi bacarmaq lazımdır.Burada maksimum 10 dəqiqəyə döyüş bitməlidir.
– Aprel ayında vinq çun üzrə keçirilən Azərbaycan çempionatı ilə bağlı fikirlərinizi bilmək istərdik.
-Azərbaycan çempionatı Honk-Konqda keçiriləcək dünya çempionatına seçim xarakteri daşıyırdı. Yarış yüksək səviyyədə təşkil olunmuşdu.Aprelin 20-də Bakı İdman Sarayında vinq çun üzrə birinci respublika çempionatının açılış mərasimi keçirildi.Gənclər və İdman Nazirliyinin və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda idmançılar uşaqlar, yeniyetmələr, gənclər və kişilər mübarizə apardılar.
Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Ali Məhkəmənin hakimi Fərhad Əliyev, Azərbaycan Döyüş Növləri Federasiyaları Assosiasiyasının vitse-prezidenti Vasif Namazov, Azərbaycan Şaolin və Savat Döyüş Federasiyasının prezidenti Rafiq Əliyev, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və Çinin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Aprel döyüşlərinin iştirakçıları iştirak edirdilər. Yarışın sonunda Aprel şəhidi, vinq çun üzrə Azərbaycan çempionu olmuş Cabbarxan Hacıağayevin anasına qızıl medal və diplom təqdim edildi.
Çempionat Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçirildi.Respublika birinciliyində 20 klubdan 300 yaxın idmançı iştirak etdi.Çempionatda birinci yeri tutacaq idmançılar yığma komandanın heyətində sentyabr ayında Honkonqda keçiriləcək dünya çempionatına vəsiqə qazandılar.
– Qarşıda hansı planlarınız vardır?
– Sentyabr ayında Honk-Konqda keçiriləcək dünya çempionatına hazırlaşırıq. Yığmanın təlim-məşq toplanışlarına iyun ayında start veriləcək. İyul ayında isə yığmamız Qaxa yollanacaq.
Qeyd edim ki, dünya çempionatının gedişində beynəlxalq qurumun iclası keçiriləcək. Həmin iclasda müzakirə olunacaq məsələlərdən biri də 2020-ci ildə vinq çun üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi məsələsi müzakirə ediləcək.İnanırıq ki, ev sahibliyi hüququ ölkəmizə veriləcək və paytaxtımız idman tarixində daha bir uğura imza atacaq.